Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Şəkililər

Sona Haiyeva

Mədəniyyət tariximizin unudulmaz simalarından biri olan xalq artisti Sona Hacıyeva milli səhnəmizin ən parlaq ulduzlarından biri olmuşdur. O, elə bir zamanda səhnə fəaliyyətinə başlamışdı ki, bu ağır sənətə nəinki qadınların, hətta kişilərin də belə gəlməsi xoş olmayan münasibətlə qarşılanır, ağır hadisələrlə nəticələnirdi. Görkəmli səhnə ustalarından Əbülhəsən Anaplının, Əbülfət Vəlinin, Hüseyn Ərəblinskinin qətlə yetirilməsi çoxunun gözünü qorxutsa da, millətinin sabahını düşünən işıqlı insanları öz əqidəsindən döndərə bilməmişdi. Belə bir qorxulu və çətin şəraitdə teatra üz tutanlar, sənəti ürəkdən sevənlər, xalqın savadlanması, maariflənməsi üçün həyatlarını çəkinmədən qurban verirdilər.
Azərbaycan səhnəsinin inkişafında orijinal yaradıcılıq yolu ilə seçilən aktyorlarla bərabər, aktrisalarımız da olmuşdur. Teatr aləminə ilk dəfə qədəm qoyanlardan biri Əzizə Məmmədova idi. Haqqında söhbət açdığımız Sona Hacıyeva isə Əzizə xanımın qızıdır. Bu ana-balanın teatr aləminə qoşa gəlməyi mədəniyyət tariximizin işıqlı səhifələrindən biridir. Çünki onlar elə bir zamanda bu cəsarətli addımı atdılar ki, məhz onların gəlişi ilə Azərbaycan səhnəsində Azərbaycan qadınının nəfəsi duyuldu.
Sona Hacıyeva 1907-ci ildə Şəkidə anadan olmuşdur. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov saxlamalı olub. Vaxtilə Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağının da həyat yolu müxtəlif şəhərlərdən keçib. Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, son anda Bakıya gəlib. Beləliklə, 1919-cu ildən Bakıda yaşayan Sona xanımın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Maraqlıdır ki, ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. Bu barədə Sona Hacıyeva öz xatirələrində yazırdı: "Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl səni ora aparım, oturub tamaşa edərsən. Mən çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi: "Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan". Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam. Balaca Sona bir də onda görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desələr, təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirib. Səhnəyə daxil olanda ayaqları əsib, dili tutulub, nə edəcəyini bilməyib. Birtəhər dolaşa-dolaşa suflyordan eşitdiklərini təkrar edib. Bu, onun səhnədə ilk rolu idi. S.M.Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü oldu.
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Ə.Haqverdiyevin "Pəri-cadu" əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaratdı. Bu elə bir dövr idi ki, Sona Hacıyeva Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalmışdı. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona Hacıyevanın aktrisalıq məharətini və səsini o qədər bəyənmişdi ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm maraqla qarşılanırdı. Məşqlər ağır və uzun çəkdiyindən Sona Hacıyeva yazırdı: "Müslüm Maqomayev məni o qədər oxutdu ki, bir müddət səsim tamam tutuldu".
Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayırdılar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışırdılar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin. Amma o dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirmişdi. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradırdı və yaxud komik surətə çevrilirdi. Bütün bunların öhdəsindən isə o, məharətlə gəlirdi. Bir-birinin ardınca müxtəlif səpkili, müxtəlif xarakterli obrazlar yaradan Sona Hacıyeva sənət boyalarından o qədər ustalıqla istifadə edirdi ki, bütün çıxışları təbii və təsirli alınırdı.
Sona Hacıyeva Azərbaycan səhnəsinə adi bir aktrisa kimi gəlməmişdi. O, həm də müxtəlif qadağalara, maneələrə, təzyiqlərə, təqiblərə məruz qalmış Azərbaycan qadınının bağrından püskürən bir üsyana dönmüşdü. Cəhalət və nadanlıqla dolu aləmin iflasla nəticələnəcəyini öz yaradıcılığı, oynadığı rolların monoloqları ilə dilə gətirirdi. Onun yaratdığı obrazlar Azərbaycan qadınının ağır taleyini, düşdüyü əzabları güclü və emosional bir şəkildə tamaşaçılara çatdırırdı.
Sona Hacıyeva 1920-ci ildən ömrünün sonuna (1979) kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman, İslam Səfərli kimi dramaturqların əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəfmüqabil olmuşdu. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq GəraybəyliE kimi korifeylərlə nəinki bir səhnədə, həm də eyni tamaşada məharətli oyun nümayiş etdirmək çətinliyi qədər də şərəfli idi. Rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.
Sona xanımı səhnədə görənlər yazırlar ki, o, öz obrazlarını o qədər ürəkdən sevər, onlara qəlbən bağlanarmış ki, səhnədə həyəcanını, rəğbətini gizlədə bilmirmiş. Bu səbəbdən də ifaçılıq üçün böyük ustalıq sayılan psixoloji, gərgin anlar Sona xanımın keçirdiyi həyəcanlarla qovuşaraq yeni bir çalar yaradırmış.
İkinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı əsgərlərin yanında olan Sona xanım məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırardı. Tamaşadan-tamaşaya Sona Hacıyevanın yeni yaradıcılıq imkanları üzə çıxardı. Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafında öz töhfəsini vermişdi. "Bəxtiyar", "Sevimli mahnı", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində də böyük xidmətlərin sahibidir. Onun bu əməyi hələ o dövrdə "Şərəf nişanı" ordeni və başqa medallarla təltif edilmişdir.
Böyük dramaturqumuz Cəfər Cabbarlı Sona Hacıyevanın teatr aləmindəki xidmətlərini yüksək qiymətləndirərək yazırdı: "Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdi". Həqiqətən də Azərbaycan teatr sənəti öz inkişafının müxtəlif dövrlərində bir sıra görkəmli sənətkarlar yetişdirmiş və onların da sayəsində tərəqqiyə çatmışdır. Öz dövrünün reallıqlarını müxtəlif tamaşalarda rolları ilə əks etdirən, dolğun surətlər yaradan Sona Hacıyeva Azərbaycan teatr sənətinin üfüqlərində əbədi parlayan bir ulduz idi. Nə illərin uzaqlığı, nə də aktyor və aktrisaların bolluğu bu cür parlaq ulduzları görünməz edə bildi. Çünki alimlər təsdiqləyiblər ki, Günəşdən də parlaq, odlu, hərarətli ulduzlar var. Sona Hacıyeva da o nəhəng ulduzlar kimi bizdən uzaq olsa da, əbədi parlaqdır.

"Azərbaycan"

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design