Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Şəkililər

Tofiq Ağahüseynov

Tofiq Ağahüseynov - General-polkovnik. Keçmiş SSRİ hərbiyyəsində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olaraq Tofiq Ağahüseynovun keçdiyi həyat yolunu izlədikcə, adam fatalist olmasa belə, "bu dünyada hər bir insan öz alın yazısını yaşayır" deyimi ilə yüzə-yüz razılaşmalı olur. Amma o da var ki, hər kəs taleyin onun qarşısında açdığı yolu özü gedir. Gərək bu yolla elə addımlayasan ki, büdrəməyəsən, qarşına çıxan bütün maneələri dəf edə, əzab-əziyyətlərə dözə biləsən. Bunun üçün isə adamda möhkəm iradə, cəsarət, düzgünlük, isti ürək, soyuq ağıl, dəmir məntiq olmalıdır. Məhz bu yazımızın qəhrəmanı, sözün həqiqi mənasında böyük azərbaycanlı, iftixar ediləsi soydaşımız olan Tofiq Yaqub oğlu Ağahüseynov kimi.
Tofiq Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. Yeddi yaşında olanda ailəliklə Bakıya köçüblər. Tofiq orta məktəbi Bakıda bitirib. Hələ uşaq yaşlarından dəqiq elmlərə xüsusi maraq göstərən Tofiq gələcəkdə mühəndis olmaq arzusunda imiş. Məhz bu arzular onu o vaxtkı Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyası) gətirib çıxarır və o, Sənaye İnstitutunun mühəndis-energetika fakültəsinə daxil olur. Bu yerdə bir şeyi mütləq qeyd etmək lazımdır - haqqında söhbət açdığımız alın yazısı insanı bəzən ağlına belə gətirmədiyi səmtə istiqamətləndirir. Bax, bu alın yazısı Tofiqin institutla bağlı arzularını yarımçıq qoyur. Milyonlarla insan kimi, Tofiq də Hitler Almaniyasının dünyanı təhdid etməsi səbəbindən yolunu dəyişmək məcburiyyətində qalır.

CƏNUB ŞƏHƏRİNDƏN SOYUQ ŞİMALA

Beləliklə, onun qarşısında arzuladığından tamam fərqli bir yol açılır. 1941-ci ilin sentyabrında o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Qeyd edək ki, o zaman cəbhəyə çoxlu kadrlar lazım idi. Çünki cəhbədə cərəyan edənlər vaxtı, zamanı gözləmirdi. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə doğma Bakısından ayrılmalı olur, günəşli Qafqazdan SSRİ-nin şimalına, soyuqlar diyarına göndərilir. Tofiqin xidmət etdiyi hərbi hissəyə Molotovsk (indiki Severodvinsk) şəhərini və Arxangelski düşməndən qorumaq tapşırığı verilir. Həm də onların qoruduğu şəhərlərin limanlarına hərbi və döyüş sursatı daşınırdı. Ona görə də düşmən limanı havadan bombalamağa cəhd göstərirdi. Lakin düşmənin bu planı alt-üst oldu. Düşmənin məğlub edilməsində Tofiqin də rolu az deyildi. Tofiq Ağahüseynovun keçdiyi ömür yolu bir daha təsdiqləyir ki, o, hər gün özünün hərbi biliyini artırmaq barədə düşünüb. Yüksək rütbəli zabitlərlə daim məsləhətləşir, döyüş qabiliyyətini artırır, tabeliyində olan əsgərlərin həyatını xilas etməkdən ötrü əlindən gələni edirdi.

REYXSTAQ ÜZƏRİNDƏ YAZI

Qeyd edək ki, Tofiq Ağahüseynovun 85 illik yubileyində İkinci Dünya savaşını qabartmağımız təsadüfi deyil. Nədən ki, bu müharibə onun həyatının bir hissəsinə çevrilib və müharibədən sonrakı həyatını məhz həmin savaş formalaşdırıb. Ona görə də bu məqamlardan danışmaq elə Tofiq Ağahüseynovun həyatından söhbət açmaq deməkdir. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyib. Müharibənin ağrılı-acılı bir neçə ili arxada qalmışdı. Qarşıda Polşanın hitlerçilərdən azad olunması dayanırdı. Polşanın faşistlərdən təmizlənməsi tarixə Visla-Oder əməliyyatı kimi düşüb. 1945-ci il yanvarın 12-də başlanan əməliyyat həmin il fevralın 3-də uğurla tamamlandı. Əməliyyatın keçirilməsinə 2 milyon 200 min hərbçi cəlb olunmuşdu. Birinci Belorusiya Cəbhəsinə marşal Jukov, İkinci Ukrayna Cəbhəsinə marşal Konev başçılıq edirdilər. Bu əməliyyatda sovet ordusu qalib gəldi və düşmənin bel sütunu məhz bu zaman qırıldı. Faşistlər geriyə, Almaniyanın içərilərinə doğru çəkildilər. Nəhayət, sovet ordusu ilə müttəfiqlər Berlin əməliyyatını həyata keçirməyə başladılar. 1945-ci il mayın 2-də Tofiqgil Berlinə daxil oldular. Artıq Reyxstaq üzərində sovet bayrağı dalğalanırdı. O zaman Reyxstaqa yaxınlaşan hərbçilər onun üzərinə ürəyindən keçənləri yazırdılar. Bina üzərinə "Mən Bakıdanam. Tofiq Ağahüseynov" cümləsi də həkk olundu. Bəşəriyyəti faşist Almaniyasının caynağından qurtaran imzalar içində azərbaycanlı imzası da var idi.

İLK AZƏRBAYCANLI GENERAL-POLKOVNİK

Müharibə bitir. Hərbçilər Vətənə dönsələr də, Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır. Belə düşünmək olardı ki, geri döndükdən sonra bir vaxtlar mühəndis olmaq istəyən Tofiq Ağahüseynov arzusunu gerçəkləşdirəcək. Lakin belə olmur. Artıq müharibə onun tale yolunu birdəfəlik müəyyən etmişdi. Mühəndis olmaq arzusuyla həyata atılan Tofiq Ağahüseynov çiyinlərində general-polkovnik poqonu gəzdirməliymiş.
Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlardan idi. Belə də olur. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur. Tofiq Ağahüseynov 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildən Rostovda korpus komandiri təyin edilir. 1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. O vaxtdan etibarən Heydər Əliyevlə əlaqələri daha da yaxınlaşır, daim Heydər Əliyevin qayğısını görür. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilir. Qeyd edək ki, bu dairəyə bütün Zaqafqaziya respublikaları, Krasnodar və Rostov-Don vilayətləri daxil idi. O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı idi.
Tofiq Ağahüseynov harada çalışmasından asılı olmayaraq, həmişə azərbaycanlıları axtarıb-tapıb, onlara kömək edib. Bunu indi çox adam xatırlayır. Təbii ki, belə bir məşhur azərbaycanlı Heydər Əliyevin diqqətindən kənarda qala bilməzdi. O, 1980-ci ilin mayında general-polkovnik rütbəsi alması münasibətilə Tofiq Ağahüseynovu şəxsən təbrik edir. Yeri gəlmişkən, qeyd etməliyik ki, Heydər Əliyev bütün zamanlarda öz səriştəsi və bacarığı ilə seçilən soydaşlarımızı, eləcə də Azərbaycandan kənarda çalışan azərbaycanlıları daim diqqət mərkəzində saxlayıb. Tofiq Ağahüseynov Azərbaycan xalqının lideri barədə bunları söyləyir: "Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına böyük töhfələr verib və Azərbaycanın inkişafı onun adı ilə bağlıdır. O, hələ SSRİ vaxtında Azərbaycanda yüksək ixtisaslı hərbçilərin yetişməsinə xüsusi maraq göstərirdi. Hər bir şərəfli zabit Heydər Əliyev üçün qiymətli idi. Onların hər birinin həyatı ilə şəxsən maraqlanırdı. Hələ Azərbaycanda Kommunist Partiyasına rəhbərlik etdiyi vaxtlarda Bakıda Ali Hərbi Məktəbi yaratmışdı. Özünün uzaqgörənliyi ilə hiss edirdi ki, vaxt gələcək, Azərbaycan müstəqilliyini qazanacaq və ona yüksək rütbəli hərbçilər lazım olacaq. Ona görə də Bakıda hərbçiləri hazırlayan hərbi məktəbin yaradılmasına nail oldu. Bundan başqa, SSRİ məkanında olan digər hərbi məktəblərdə azərbaycanlıların təhsil almasına şərait yaradırdı. Bu baxımdan Heydər Əliyev həm o dövrdə, həm də müstəqilliyimizi qazanandan sonra yüksək rütbəli hərbçilərə, generallara xüsusi diqqət və qayğı göstərib. Mən o qayğını bu gün yüksək minnətdarlıq hissi ilə xatırlayıram. Heydər Əliyev istəyirdi ki, SSRİ miqyasında hərbçilər içində hərbçilərimiz, yazıçılar içində yazıçılarımız, bəstəkarlarımız, idmançılarımız olsun. Bütövlükdə bütün bunlar Azərbaycanın siması, göstəricisi idi".
Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur. Lakin o, yenə də Heydər Əliyevlə daim əlaqə saxlayır, hər dəfə Moskvaya gələndə ilk olaraq o zaman SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini işləyən Heydər Əliyevlə görüşür, məsləhətlər alırdı. Ömrünün ahıl çağlarında Tofiq Ağahüseynov Heydər Əliyevin gördüyü işləri xatırlamağı özünə borc bilir, bu işlərin qədrinin bilinməsini tövsiyə edir.
Nəhayət, Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamını xatırlamalı oluruq. Tofiq Ağahüseynov həmin gün prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi. Təbii ki, Heydər Əliyev kimi özünə hərbi məsələlər üzrə köməkçi təyin etdiyini yaxşı bilirdi. Ona inanır, onun bacarığına, peşəkarlığına yüksək dəyər verirdi. "Həqiqətən də bu yaşda müstəqil bir dövlətin prezidentinin köməkçisi olmaq, Heydər Əliyev kimi nəhəng şəxsiyyətlə bir yerdə işləmək böyük xoşbəxtlik idi" deyən Tofiq Ağahüseynov həmin illəri ömrünün ən mənalı anları hesab edir. Öz bacarığını, hərbi təcrübəsini, töhfəsini Milli Orduya verməkdən böyük xoşbəxtlik yox idi general-polkovnik üçün. Bu fürsəti isə ona Heydər Əliyev verdi. Sovet dövründə, müharibədən sonrakı dönəmdə düz 11 il Azərbaycanın ayrı-ayrı bölgələrindəki hərbi hissələrdə xidmət etməklə yanaşı, müəyyən ictimai məzmun kəsb edən sahələrdə də çalışıb general-polkovnik.
Ona görə də təsadüfi deyil ki, Tofiq Ağahüseynova Sov.İKP MK-nın XXII və XXIV qurultaylarında Azərbaycan kommunistlərini təmsil etmək səlahiyyəti verilib. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Tofiq Ağahüseynov özünün çalışqanlığı ilə ətrafdakıların diqqətini həmişə cəlb edib. Təsadüfi deyil ki, dövrünün tanınmış şəxsiyyətlərindən olan ordu generalı Afanasi Şeqlov, general-polkovnik Fyodor Oliferov, general-polkovnik Stepan Çubarov və başqaları onun peşəkarlığını və insanlığını yüksək qiymətləndirirlər. Həmkarları onun səsini ucaltdığını, kiminsə üstünə qışqırdığını görmədiklərini deyirlər.
O, tabeliyində olan insanlara iradlarını elə bildirirdi ki, qarşıdakı dərhal hesabını götürürdü. Rütbəcə özündən kiçik olanları məntiqi, ağıllı yol göstərməyi ilə tərbiyə edirdi. Sanki hərbçi olmaq üçün dünyaya gəlibmiş. Ona görə də yazımızın əvvəlində hər bir insanın öz alın yazısına uyğun yaşadığını qeyd etdik. Tofiq Ağahüseynovun da alın yazısı onu hərbçi etdi, GENERAL etdi.
İndi ömrünün 85 yaşında o, bu yolu şərəflə addımlayır. Belə bir ömür həyatda hər bir insana nəsib olmur. Onun ömrünün hər bir akkordu mənalıdır. Bu yazıda biz bir ömrün akkorlarından bəhs etməyə çalışdıq. Yazdıqlarımız onun etdiklərinin heç mində biri də deyil, bunu bilirik. Bu, çox mənalı bir ömürdür, yüz illər boyu fəxr edəcəyimiz general-polkovnik Tofiq Ağahüseynov ömrünün akkordlarıdır...

Ayna

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design